Naxçıvan türk liseyləri 17-ci məzunlarını yola saldı


















Naxçıvan türk liseyləri 17-ci məzunlarını yola salıb. Bu münasibətlə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində mərasim keçirilib. Mərasimdə çoxlu sayda qonaqlar, iş adamları və valideynlər iştirak ediblər.
Tədbir, əvvəlcə, hər iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. Sonra liseylərin fəaliyyəti barədə qısametrajlı filmin nümayişi ilə davam edən mərasimdə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun liseylər haqqındakı müsbət fikirləri əks olunub. Videoçarxda Heydər Əliyevin: “Mən çox məmnunam bundan. Bilirəm ki, onlar yaxşı təhsil verirlər. Ona görə də oranın tələbələri dünyanın bir çox yerlərində konkursdan keçirlər və medallar alırlar...”, Prezident İlham Əliyevin: “Mən burada türk liseylərinin fəaliyyətini yüksək qiymətləndirirəm...”, Ali Məclisin Sədri Vasif Talıbovun: “Bu məktəblər ümummilli liderimizin Naxçıvanda çalışdığı dövrün yadigarlarıdır. Çox uğurla fəaliyyət göstərirlər. Bu gün oranı bitirən gənclər gələcəyin türk dünyasının qurucularıdır”, - sözləri mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə Naxçıvan Türk Liseylərinin baş direktoru Murat Çapan çıxış edərək, bu gün liseylərin fəaliyyətə başlamasının 20-ci ili ərəfəsində ikiqat sevinc yaşadıqlarını qeyd edib: “Qurulduğu gündən ümummilli lider Heydər Əliyevin diqqət və qayğısının əsirgənmədiyi liseylərimizə bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cənablarının diqqət və qayğısını ən yüksək səviyyədə hiss edirik”.
“Bu qayğı və dəstəyin verdiyi güclə liseylərimiz indiyədək beynəlxalq olimpiadalarda 63-ü qızıl olmaqla, ümumilikdə 246 medal qazanıblar. Son qəbul imtahanlarında liseylərimizdən məzun olan 145 şagirdimizin hər biri ölkəmizin və dünyanın  müxtəlif universitetlərinə qəbul olublar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Abituriyent” jurnalında dərc olunmuş məlumatına əsasən, Azərbaycanda fəaliyyət göstərən 4500-dən çox orta məktəb arasında, Naxçıvan Türk Liseyi 2-ci, Şərur Türk Liseyi 7-ci, Ordubad Qızlar Liseyi isə 11-ci yerdə qərarlaşıblar”, - deyən baş direktor sonra məzunlara səslənərək çıxışını belə davam etdirib: “Sizə ümummilli lider Heydər Əliyevin sözləri ilə səslənmək istəyirəm: azərbaycanlı hər yerdə yaşaya bilər, amma azərbaycanlılığını, ana dilini, milli adətlərini unutmamalıdır. Onun qəlbi hər zaman Azərbaycanla bir vurmalıdır. Əziz məzunlar, sizlərin nüfuzlu universitetlərə qəbul olacağınıza inamımız qətidir, ancaq harada olmağınızdan asılı olmayaraq, bu hikmətli sözlər sizə rəhbər olmalıdır”.

“Biz burada çox mübarək
bir tarixə şahidlik edirik”
Tədbirdə iştirak edən Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Cenk Ünal isə çıxışına Naxçıvanı Qafqazların “nəzər muncuğu” adlandırması ilə başlayaraq, liseylərin fəaliyyətini yüksək qiymətləndirib: “Naxçıvana Baş konsul olaraq gəldiyimdən bəri eyni şeyi deyirəm: mən xarici ölkənin təmsilçisiyəm, amma xarici ölkədə deyiləm. Qafqazların “nəzər muncuğu” Naxçıvan bizim üçün ayrı deyildir. Bizim üçün qandır, candır, bizdən ayrı deyildir. Biz burada çox mübarək bir tarixə şahidlik edirik. Naxçıvan hər sahədə  dəyişir, böyüyür və inkişaf edir. Naxçıvan türk liseyləri də bu inkişafa uyğun olaraq, Naxçıvanın və Azərbaycanın gələcəyinin daha da güclənməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər. Liseylər ulu öndər Heydər Əliyevin icazəsi ilə fəaliyyət göstərirlər. Mən də burada Türkiyə Cümhuriyyətini müasir mədəniyyətlər səviyyəsinə yüksəldən ulu öndər Atatürkün və ulu öndər Heydər Əliyevin mənəvi hüzurları qarşısında sayğıyla baş əyirəm. 28 may - Respublika Günü münasibətilə də Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan böyüdükcə Türkiyə böyüyəcək, Türkiyə böyüdükcə Azərbaycan böyüyəcək. Biz bir millətik, iki dövlətik. Dünya durduqca, həyat davam etdikcə bu belə olacaq”.
Qeyd edək k, tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Xudiyev, Baş konsul Cenk Ünal, qəzetimizin təmsilçisi Süleyman Okumuş tərəfindən olimpiadalarda müvəffəqiyyət qazanmış şagirdlərə müxtəlif hədiyyələr də təqdim olunub.
Mərasim lisey şagirdlərinin hazırladıqları maraqlı proqramla davam etdirilib. Belə ki, şagirdlər hazırladıqları xalq mahnıları və rəqslərlə tamaşaçılara xoş anlar yaşadıblar.
Sonda bayrağımız lisey şagirdləri tərəfindən səhnəyə gətirilərək ənənəvi bayraq təqdimatı və gerçəkləşib. Mərasim “Məzun kötüyü”nə xatirə mismarı çalınması və məzunların andiçməsi ilə başa çatıb.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43705

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır